AzTU 14-cü qlobal istiləşmə üzrə beynəlxalq konfransa ev sahibliyi edir
Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə 14-cü Qlobal İstiləşmə üzrə Beynəlxalq Konfrans (GCGW-2026) keçirilir.
3 gün davam edəcək beynəlxalq elmi tədbirdə dünyanın 30 ölkəsindən 200-ə yaxın alim, tədqiqatçı, ekspert və mütəxəssis iştirak edir. GCGW-2026 qlobal istiləşmə və iqlim dəyişmələri sahəsində aktual elmi çağırışların müzakirəsi, yeni tədqiqat nəticələrinin təqdim olunması, qabaqcıl təcrübələrin bölüşülməsi və beynəlxalq akademik əlaqələrin inkişaf etdirilməsi üçün mühüm platformadır.
Konfransın açılış mərasimində AzTU-nun rektoru, konfransın fəxri sədri professor Vilayət Vəliyev, Milli Məclisin deputatı Dr. Rizvan Nəbiyev, Yıldız Texniki Universitetinin professoru İbrahim Dinçər, eləcə də AzTU-nun prorektoru, konfransın sədri professor Sübhan Namazov çıxış ediblər.
Çıxışlarda GCGW-2026-nın elmi əhəmiyyəti qeyd olunub, qlobal istiləşmə və iqlim dəyişmələrinin müasir dövrün əsas çağırışlarından biri olduğu vurğulanıb. Bu problemlərin həllində elmi yanaşmaların və innovativ texnologiyaların inkişaf etdirilməsinin, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Konfransın müxtəlif ölkələrin alim və mütəxəssislərini bir araya gətirməklə yeni elmi ideyaların, bilik və təcrübənin paylaşılmasına, gələcək birgə təşəbbüslərin formalaşdırılmasına imkan yaratdığı bildirilib.
Açılış mərasimindən sonra konfrans panel iclaslarla davam edib.
Panel iclaslarda İspaniyanın Almeriya Universitetinin Kimya və Fizika fakültələrinin fəxri professoru Damia Barcelo, Kanadanın Konkordiya Universitetinin Tikinti, Mülki və Ətraf Mühit Mühəndisliyi Departamentinin professoru Fariborz Haghighat, Vaterlo Universitetinin professoru Feridun Hamdullahpur, “ACWA” şirkətinin baş icraçı direktoru (CEO) Dr. Uygar Durgunay, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin müavini Dr. Rəşail İsmayılov çıxış ediblər.
Çıxışlar zamanı iqlim dəyişmələrinin təsirləri, yaşıl enerji keçidi, enerji və su resurslarının dayanıqlı idarə olunması, karbon emissiyalarının azaldılması, enerji sistemlərinin transformasiyası və yeni texnologiyaların tətbiqi ilə bağlı aktual elmi və praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Multidissiplinar xarakter daşıyan GCGW-2026-nın elmi proqramı bərpaolunan enerji mənbələri, hidrogen texnologiyaları, enerji siyasəti, enerji səmərəliliyi, ekosistemlərin qorunması, karbon emissiyalarının azaldılması, eləcə də süni intellektin enerji sektorunda tətbiqi kimi aktual istiqamətləri əhatə edir. Elmi sessiyalar çərçivəsində iştirakçılar bu sahələr üzrə apardıqları araşdırmaların nəticələrini təqdim edirlər.
Qeyd edək ki, konfransa ümumilikdə 125 elmi məqalə daxil olub. Təqdim olunan elmi işlər beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilib və onlardan 85-i konfrans çərçivəsində dinlənilmək üçün seçilib. Seçilmiş məqalələrin beynəlxalq indeksli elmi jurnallarda dərc olunması nəzərdə tutulur.
GCGW-2026 alim və tədqiqatçılar arasında yeni peşəkar əlaqələrin qurulmasına, birgə layihə və tədqiqat təşəbbüslərinin formalaşdırılmasına, həmçinin iqlim və enerji sahəsində elmi biliklərin inkişafına töhfə verən beynəlxalq platforma kimi çıxış edir.
Bu nüfuzlu beynəlxalq elmi tədbirin AzTU-da keçirilməsi universitetin dayanıqlı inkişaf, yaşıl enerji və innovativ texnologiyalar istiqamətlərində elmi-tədqiqat potensialının gücləndirilməsi, beynəlxalq akademik şəbəkələrdə iştirakının genişləndirilməsi və qlobal elmi mühitdə mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.





































































