“Könüllülər üçün yay təcrübə proqramı – 2026” layihəsi çərçivəsində görüşlər davam edir
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin fərdi inkişafına və peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunan “Könüllülər üçün yay təcrübə proqramı – 2026” layihəsi çərçivəsində görüşlər davam edir.
Proqram çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı tərəfindən “İctimaiyyətlə əlaqələr, sosial medianın rəsmi idarə olunması və media savadlılığı” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara ictimaiyyətlə əlaqələrin əsas prinsipləri, sosial media platformalarının rəsmi kommunikasiya məqsədilə düzgün idarə olunması və müxtəlif auditoriyalar üçün effektiv məzmunun hazırlanması barədə məlumat verilib. Həmçinin media savadlılığı, informasiya mənbələrinin düzgün qiymətləndirilməsi və etibarlı məlumatın dezinformasiyadan fərqləndirilməsi məsələlərinə toxunulub.
Qeyd edək ki, layihənin məqsədi gənclərə müxtəlif istiqamətlər üzrə praktiki bilik və bacarıqlar qazandırmaq, onların peşəkar inkişafını dəstəkləmək və gələcək əmək fəaliyyətinə hazırlıq səviyyəsini artırmaqdır.






































































