Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib
Ölkə ərazisində Qəhvəyi mərmər bağacığının yayılmasının və təsərrüfat subyektlərinə vurduğu zərərin qarşısının alınması məqsədilə həyata keçirilən kompleks fitosanitar tədbirlər çərçivəsində Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib.
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər.
İclasda bildirilib ki, son monitorinqlərə əsasən, zərərvericinin ayrı-ayrı ərazilərdə populyasiya sıxlığının və yayılma intensivliyinin artması müşahidə olunur. Xüsusilə fındıq və digər kənd təsərrüfatı bitkilərində yaratdığı zədələnmələr məhsulun kəmiyyət və keyfiyyətinə mənfi təsir göstərir. Payız aylarında zərərvericinin qışlama yerləri axtarışı ilə əlaqədar yaşayış məntəqələrinə miqrasiya ehtimalının artması, eləcə də qonşu ölkələrdən hava axınları vasitəsilə yayılma riski nəzərə alınaraq sərhədyanı ərazilərdə fitosanitar müşahidələrin gücləndirilməsi vacibdir.





































































