Müşviq Məmmədov: Valideynlər uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməlidirlər
Hətta bu yaxınlarda Azərbaycanda 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qoyulan qadağaya baxmayaraq, onlayn vərdişlərin kökü möhkəmlənməkdədir: uşaqlar bu və ya digər şəkildə rəqəmsal mühitlə təmasdadırlar və hətta məhdudiyyətlər aradan qaldırıldıqdan sonra belə, yenidən sosial platformaların aktiv istifadəçisi olmağa çalışacaqlar. Buna görə də, uşaqların bu mərhələyə qədər əsas rəqəmsal təhlükəsizlik bacarıqlarını inkişaf etdirmələri vacibdir - bu, onlara gələcəkdə onlayn fırıldaqçılıq, kiberhücum və digər rəqəmsal risklər daxil olmaqla, bir sıra kibertəhdidlərlə mübarizədə kömək edəcək.
MEDİA-nın müvafiq sorğusunda iştirak edənlərin təxminən 90 faizi sosial mediadan istifadə edən uşaqların təhsil və tərbiyəsinin mənfi təsirə məruz qaldığını hesab edir. Bu rəqəm cəmiyyətin rəqəmsal mühitin risklərini nə dərəcədə ciddi qəbul etdiyini göstərir. Uşağın təhlükəsizliyinin dayağı təkcə valideyn nəzarəti deyil, həm də onların öz məlumatlılığıdır: təhdidləri tanımaq və müvafiq şəkildə cavab vermək bacarığı. Valideynlər bu riskləri nəzərə almalı və yalnız məhdudlaşdırıcı deyil, həm də maarifləndirici strategiya hazırlamalıdırlar: uşaqlarına təhlükəsiz onlayn davranış qaydalarını izah etməli, nümunələrlə göstərməli və müntəzəm olaraq müzakirə etməlidirlər.
Əvvəlcə uşağa bir neçə sadə qaydanı izah etmək lazımdır:
- Ünvan, telefon nömrəsi, məktəb məlumatları, şifrələr və uşağı və ya onun ailəsini müəyyən etməyə kömək edə biləcək digər məlumatlar qismində şəxsi məlumatları tanımadığı insanlarla paylaşmamaq.
- Şübhəli linklərə klikləməmək - hətta tanıdığı biri tərəfindən göndərilsə və ya hədiyyə, endirim və ya maraqlı bir müsabiqəyə qatılmaq vəd edilsə belə.
- Foto və ya video paylaşmazdan əvvəl özü və ya yeri haqqında hansı məlumatları açıqlaya biləcəyini və şəxsi məlumatların paylaşılmasının nəticələrinin nə ola biləcəyi barədə düşünmək.
- Əgər tanımadığı şəxs ondan başqa bir messencerə keçməyi, foto və ya şəxsi məlumatını göndərməyi və ya söhbəti valideynlərdən gizli saxlamağı istəyərdə, uşaq bunu böyüklərə deməli olduğunu bilməlidir.
- Uşaq şübhəli və ya xoşagəlməz məzmunla qarşılaşarsa, problemi özləri həll etməyə çalışmasın; bunun əvəzinə, valideynlər və ya etibar etdiyi başqa bir böyüklə əlaqə saxlasın.
Eyni zamanda, rəqəmsal təhlükəsizlik yalnız qadağalar və hərtərəfli nəzarət üzərində qurulmamalıdır. Uşaqların internetdə səhv hərəkəti və ya üzləşdiyi xoşagəlməz vəziyyət barədə valideynlərinə danışmaqdan qorxmadıqları bir mühit yaratmaq vacibdir.
Valideynlər həmçinin təhlükəsizlik alətlərindən istifadə etməlidirlər: ikifaktorlu identifikasiyanı aktivləşdirməli, cihaz yeniləmələrini quraşdırmalı, güclü şifrələrdən istifadə etməli, valideyn nəzarəti və zərərli faylları, saxta veb-saytları və istənməyən zəngləri bloklamaq imkanı təmin edən proqram quraşdırmalıdırlar. Lakin, hətta ən müasir texnologiya belə, rəqəmsal savadlılığın və uşaqla açıq ünsiyyətin yerini verə bilməz.
Valideynlərin əsas vəzifəsi sadəcə uşaqlarının potensial təhlükəli məzmuna çıxışını məhdudlaşdırmaq deyil, həm də onlara riskləri müstəqil şəkildə tanımağı və rəqəmsal mühitdə təhlükəsiz davranmağı öyrətməkdir. Bu vərdişlər nə qədər tez inkişaf etdirilərsə, uşaqlar böyüdükcə internetdən daha inamlı istifadə edəcəklər.


































































