Ali məktəblərdə boş qalan plan yerlərinin bölgüsü açıqlanıb

Hit: 152
Ali məktəblərdə boş qalan plan yerlərinin bölgüsü açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbulun I mərhələsindən sonra ixtisas qrupları üzrə boş qalan plan yerlərinin sayını açıqlayıb.
 
DİM-in məlumatına görə, I ixtisas qrupu üzrə 667 plan yeri boş qalıb. Onlardan 639-u RK, 28-i isə Rİ altqrupunun payına düşür.
 
Boş qalan plan yerlərinin müsabiqəsinə ümumi balı 200-dən, qəbul imtahanının ikinci mərhələsi üzrə balı isə 100-dən az olmayan abituriyentlər buraxılır. RK altqrupu üzrə bu şərtlərlə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul ola bilməyən 12, Rİ altqrupu üzrə isə 416 abituriyent var.
 
RK altqrupunda ümumi balı 150-dən, ikinci mərhələ üzrə balı 50-dən az olmayan 447 abituriyent mövcuddur. Rİ altqrupunda isə bu göstəricilərə malik abituriyentlərin seçə biləcəkləri ixtisaslar üzrə boş plan yeri qalmayıb.
 
II ixtisas qrupu üzrə 395 plan yeri boşdur. Ümumi balı ən azı 200, ikinci mərhələ üzrə balı ən azı 100 olan və müsabiqədə iştirak etməsinə baxmayaraq qəbul ola bilməyən abituriyentlərin sayı 29 nəfərdir. Ümumi balı 150-dən, ikinci mərhələ üzrə balı 50-dən az olmayan 51 abituriyent var.
 
III ixtisas qrupu üzrə isə 25 plan yeri boş qalıb və onların hamısı DT altqrupuna aiddir. DT altqrupu üzrə müsabiqədə iştirak edib qəbul ola bilməyən abituriyentlərin sayı 3379 nəfərdir. DİM bildirir ki, abituriyentlərin faktiki seçə biləcəyi yalnız bir ixtisas – tədrisi ingilis dilində olan “Kitabxanaçılıq və informasiya” ixtisasıdır. Bu ixtisas üzrə 5 plan yeri qalıb.
 
IV ixtisas qrupu üzrə 407 plan yeri boş qalıb. Müsabiqədə iştirak edib ali məktəblərə qəbul ola bilməyən abituriyentlərin sayı 138 nəfərdir. Ümumi balı 150-dən, ikinci mərhələ üzrə balı 50-dən az olmayan abituriyentlərin sayı isə 161 nəfərdir. Onlar yalnız tədrisi ingilis dilində olan “Bağçılıq və tərəvəzçilik”, həmçinin “Su bioehtiyatları və akvakultura” ixtisaslarını seçə bilərlər.
 
V ixtisas qrupu üzrə 288 plan yeri boş qalıb. DİM xatırladıb ki, boş qalan plan yerlərinin seçimində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə yalnız müvafiq qabiliyyət imtahanı komissiyaları üzrə müsabiqə şərtlərini ödəyən abituriyentlər iştirak edə bilərlər.
 
Beləliklə, təqdim olunan göstəricilərə əsasən, beş ixtisas qrupu üzrə ümumilikdə 1782 plan yeri boş qalıb.






Redaktorun seçimi