Çaylı kəndində fermer və mülkiyyətçilərlə görüş keçirilib

Hit: 175
Çaylı kəndində fermer və mülkiyyətçilərlə görüş keçirilib
Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə rayonun Çaylı kəndində fermer və mülkiyyətçilərlə görüş keçirilib.
 
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Vəlahəddin Yunsurov, Biləsuvar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) məsul şəxsləri və Çaylı kənd sakinləri, fermerlər iştirakı edib.  
 
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vəlahəddin Yunsurov proqramın kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafındakı mühüm rolunu vurğulayaraq, bu strateji sənədin rayonda torpaqlardan daha səmərəli istifadə olunmasına, məhsuldarlığın artırılmasına və aqrar sektorun regional infrastrukturunun gücləndirilməsinə xidmət edəcəyini bildirib. V.Yunsurov qeyd edib ki, dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı fermerlərin fəaliyyətini daha da stimullaşdırmaqla yanaşı rayonda kənd təsərrüfatı məhsullarının istehsal həcmini əhəmiyyətli dərəcədə artıracaqdır. 
 
Görüşdə mülkiyyətçilərə məhsul istehsalı və emalı prosesinin müasirləşdirilməsi istiqamətində dövlət tərəfindən yaradılan yeni imkanlar barədə geniş məlumat verilmişdir. 
Sonda kənd sakinləri və fermerləri maraqlandıran suallar cavablandırılmış, onların təklifləri dinlənilərək müvafiq qeydlər götürülmüşdür.






Redaktorun seçimi