“Bir addım yetər, narkotiklərdən uzaq ol!” adlı maarifləndirici görüş
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi və Şirvan Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə Şirvan Gənclər Evində yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin yaratdığı təhlükələr barədə maarifləndirmənin gücləndirilməsi məqsədilə “Bir addım yetər, narkotiklərdən uzaq ol!” adlı maarifləndirici görüş keçirilib.
Görüş zamanı narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına mənfi təsirləri barədə ətraflı məlumat verilib. İştirakçılara narkotik asılılığının fəsadları, riskli davranışlardan qorunma yolları və sağlam həyat tərzinin əhəmiyyəti izah olunub.
Tədbirdə çıxış edənlər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin gənclərlə iş sektorunun müdiri Samit Həsənov, Şirvan şəhər Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun rəisi Nicat Şükürov, Şirvan Gənclər Evinin direktoru Aytac Əliyeva narkotik vasitələrdən uzaq durmağın, düzgün həyat seçimləri etməyin və sağlam gələcək naminə məsuliyyətli davranmağın vacibliyini vurğulayıblar. Bildirilib ki, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə mühüm rol oynayır və xüsusilə gənclərin bu istiqamətdə məlumatlandırılması prioritet məsələlərdəndir.
İnteraktiv formatda keçirilən görüşdə iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və narkotik vasitələrdən uzaq olmağa çağırışlar səsləndirilib.Sonda narkotiklərin mənfi fəsadlarını özündə əks etdirən qısa video çarx nümayiş olunub.































































