Milli Qəhrəman İsgəndər Aznaurovun 70 illiyi qeyd olunub
Şəmkir rayonu İsgəndər Aznaurov adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində Azərbaycanın Milli Qəhrəmanı, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş İsgəndər Aznaurovun anadan olmasının 70 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların, o cümlədən Milli Qəhrəman İsgəndər Aznaurovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, uzun illər Yeni Azərbaycan Partiyası Şəmkir Rayon Təşkilatının sədri vəzifəsində çalışmış Fəxrəddin Vəliyev, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) Baş katibi Fuat Uçar, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Recep Öztop, DATÜB-ün Azərbaycan nümayəndəsi Xalid Xəlilov, Milli Qəhrəmanın həyat yoldaşı Gülxanım Aznaurova və döyüş yoldaşları iştirak ediblər.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri tərəfindən Azərbaycan və Türkiyəyə həsr olunmuş şeirlər, mahnılar ifa olunub və Milli Qəhrəmanın həyat və döyüş yolunu əks etdirən səhnəcik təqdim olunub.
İsgəndər Aznaurovun həyat və döyüş yolu gənc nəsil üçün Vətən sevgisi, sədaqət, cəsarət və fədakarlığın parlaq nümunəsidir.
Qəhrəmanlar unudulmur, onların adı və əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır.


































































