Əlilliyi olan şəxslər üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Respublika Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçən əlilliyi olan şəxslərin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı iştirakçılar qoruğun ərazisi, tarix-memarlıq kompleksi və muzey ekspozisiyası ilə tanış olublar.
Tədbir çərçivəsində qoruğun daxilində yerləşən “Terracota Ceramic” əl işləri üzrə yaradıcılıq və inkişaf mərkəzində dulusçuluq sənəti üzrə master-klass da təşkil edilib. Master-klassda 20-ə yaxın benefisiar, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər iştirak ediblər.
İştirakçılara dulusçuluq sənətinin əsasları, gil ilə işləmə qaydaları və ondan müxtəlif formaların hazırlanması üsulları barədə məlumat verilib. Onlar ustaların rəhbərliyi ilə gilə forma vermək, sadə keramika məmulatları hazırlamaq və əl işlərini səliqəli şəkildə formalaşdırmağı öyrəniblər.
Tədbir reabilitasiya prosesində sosial və psixoloji dəstəklə yanaşı, yaradıcılıq fəaliyyətlərindən istifadənin təşviqi, iştirakçıların asudə vaxtlarının səmərəli təşkili və onların yeni bacarıqlar əldə etməsinə dəstək məqsədi daşıyıb.































































