Xəzər Gününə həsr olunmuş tədbir keçirilib

Hit: 161
Xəzər Gününə həsr olunmuş tədbir keçirilib
Xəzər Günü ilə əlaqədar Yaxt Klubda Xəzərin ekoloji vəziyyətinə və dəniz ekosisteminin qorunmasına həsr olunmuş tədbir keçirilib.
 
Tədbirdə AZCON Holding, ASCO, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və SOCAR-ın nümayəndələri iştirak ediblər.
 
ASCO-nun Dayanıqlılıq və Emissiyaların İdarəedilməsi üzrə direktoru Ələkbər Əzizli çıxışında Xəzərin Xəzəryanı ölkələr üçün mühüm ekoloji və iqtisadi əhəmiyyət daşıdığını bildirib. O, ASCO tərəfindən dəniz mühitinin mühafizəsi, çirklənmənin qarşısının alınması və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, Xəzərin qorunmasında aidiyyəti qurumlar arasında əməkdaşlığın və koordinasiyalı fəaliyyətin əhəmiyyətini vurğulayıb.
 
Digər çıxışlarda Xəzərin üzləşdiyi əsas ekoloji çağırışlar və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. İqlim dəyişiklikləri, məişət və sənaye tullantıları, plastik çirklənmə, qanunsuz balıqçılıq, eləcə də digər antropogen və texnogen təsirlərin dəniz ekosisteminə yaratdığı risklər müzakirə olunub. Bu çərçivədə ekoloji monitorinqlərin davamlı aparılması, çirklənmə mənbələrinin müəyyənləşdirilməsi, tullantıların düzgün idarə olunması və sahil ərazilərinin mühafizəsinin vacibliyi qeyd edilib.
 
Tədbirin sonunda su ehtiyatlarının səmərəli idarə olunması və təkrar istifadəsi ilə bağlı məsələlərin müzakirə edildiyi sual-cavab sessiyası keçirilib. İştirakçılar yağış kollektorlarının idarə olunması, dəniz və işlənmiş suların təkrar emalı, çirkab suların Xəzərə axıdılmadan əvvəl təmizlənməsi, eləcə də bu sahədə beynəlxalq təcrübənin tətbiqi imkanları barədə fikir mübadiləsi aparıblar.






Redaktorun seçimi