Naxçıvanda şəhid övladları üçün düşərgə təşkil olunub

Hit: 151
Naxçıvanda şəhid övladları üçün düşərgə təşkil olunub
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi “Şəhid övladlarının intellektual inkişaf proqramı” layihəsinin icrasını başa çatdırıb. 
2026-cı il iyulun 28-29-da layihə çərçivəsində Naxçıvanda yaşayan şəhid övladları üçün yay düşərgəsi təşkil olunub. İctimai Birliyin sədri Mayis Gülməmmədov bildirib ki, layihənin məqsədi şəhid övladlarının intellektual inkişafına, dünyagörüşünün genişlənməsinə, sosial bacarıqlarının möhkəmlənməsinə və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir.
 
Düşərgə müddətində iştirakçılar üçün intellektual oyunlar, maarifləndirici təlimlər, komanda fəaliyyətləri, idman və əyləncə proqramları təşkil olunub. Eyni zamanda “Şəhid övladları ilə gələcəyə baxış” mövzusunda Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarının rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı şəhid övladları ilə fikir mübadiləsi aparılıb, onların təhsil, onların şəxsi inkişafı ilə bağlı tövsiyələr verilib.
 
Layihənin sonunda iştirakçılar Batabat Astrofizika Rəsədxanasını və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkını ziyarət ediblər. Ekskursiya zamanı uşaqlar astronomiya sahəsi, eləcə də Naxçıvanın zəngin təbiəti və biomüxtəlifliyi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
 
Düşərgənin sonunda iştirakçılara fəxri fərmanlar təqdim olunub.
 
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.






Redaktorun seçimi