Amerika ağ kəpənəyinə qarşı monitorinqlər davam edir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsi tərəfindən Amerika ağ kəpənəyinin (Hyphantria cunea) yayılmasının qarşısının alınması, zərərvericinin zamanında aşkarlanması və əhali arasında məlumatlılığın artırılması məqsədilə Zaqatala və Qax rayonlarının müxtəlif kəndlərində monitorinq və maarifləndirmə tədbirləri həyata keçirilib.
Amerika ağ kəpənəyinin aşkar edildiyi ərazilər qeydə alınaraq, həmin sahələrdə müvafiq fitosanitar tədbirlərin görülməsi üçün aidiyyəti qurumlar və məsul şəxslər məlumatlandırılıb.
Monitorinqlər çərçivəsində zərərvericinin erkən populyasiya dinamikasının izlənilməsi məqsədilə yeni feromon tələlər quraşdırılıb, əvvəlki dövrlərdə yerləşdirilən tələlərə baxış keçirilib və əldə olunan nəticələr təhlil olunub.
Eyni zamanda, kənd sakinləri və torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüşlər təşkil edilib. Amerika ağ kəpənəyinin bioloji xüsusiyyətləri, qidalandığı bitkilər, kənd təsərrüfatı və yaşıllıq sahələrinə vurduğu zərər, yayılma riskləri, həmçinin zərərvericinin vaxtında aşkar edilməsinin əhəmiyyəti barədə məlumat verilib.
Mütəxəssislər tərəfindən zərərvericinin bitkilərdə yaratdığı xarakterik zədələr əyani şəkildə izah olunub, mexaniki, aqrotexniki və digər mübarizə üsulları barədə praktiki tövsiyələr təqdim edilib. Tədbirlər zamanı maarifləndirici bukletlər paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

































































