“Cəmiyyətdə və iş həyatında qadın liderliyi” mövzusunda maarifləndirici tədbir keçirilib
Neftçala Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı ilə Neftçala Dövlət Rəsm Qalereyasında “Cəmiyyətdə və iş həyatında qadın liderliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının məsul əməkdaşları, Neftçala-Gündoğar qəzetinin redaktoru, Qaraqaşlı bələdiyyəsinin sədri, həmçinin rayonda gənclər və idman, təhsil, səhiyyə, mədəniyyət sahəsində müxtəlif vəzifələrdə çalışan xanımlar iştirak edib.
İlk öncə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışçılar tərəfindən Azərbaycan qadınının cəmiyyətdə lider olmaqla yanaşı, milli-mənəvi dəyərlərin, ailə institutunun qorunması və sağlam gənc nəslin tərbiyə olunmasındakı müstəsna rolu, dövlət tərəfindən gender bərabərliyinin təmin edilməsi, qadın sahibkarlığının təşviqi və regional inkişaf proqramlarında qadın məşğulluğunun artırılması üçün yaradılan hüquqi bazanın əhəmiyyəti diqqətə çatdırılıb. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan qadını öz zəkası, müdirikliyi, sədaqəti və qəhrəmanlığı ilə həmişə cəmiyyətimizin dayağı olmuşdur” kəlamı xatırladılaraq, Ulu Öndərin ölkəmizdə dövlət qadın siyasətinin banisi olduğu və qadın hüquqlarının qorunmasına hər zaman böyük diqqət yetirdiyi vurğulanıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və uğurlu fəaliyyətinin müasir Azərbaycan qadını üçün misilsiz bir liderlik, humanizm və fədakarlıq nümunəsi olduğu xüsusi qeyd olunub. Eləcə də, qadınların təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə qazandığı uğurlar, dövlət idarəçiliyi və iş dünyasındakı fəal mövqeyi geniş təhlil edilib.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

































































