İsmayıllı DOST Evi filialına yeni benefisiarlar qəbul edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialına həssas kateqoriyaya daxil olan vətəndaşların növbəti qəbul prosesi keçirilib.
İsmayıllı və Şamaxı rayonlarından müraciət etmiş 36 vətəndaşın bacarıqları Qiymətləndirmə Komissiyası tərəfindən fərdi qaydada yoxlanılaraq filialda müvafiq xidmət istiqamətlərinə yönəldilib.
Müraciət edən şəxslər arasında təsviri incəsənət və kulinariya istiqamətlərinə maraq üstünlük təşkil edib.
Bununla da filialda benefisiar sayı 79 nəfərə çatıb.
Müəssisədə həssas qruplara aid vətəndaşların peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə dulusçuluq, bədii oyma, dərzilik, xalçaçılıq, toxuma və tikmə, misgərlik və un məmulatları emalatxanaları fəaliyyət göstərir.
Həmin şəxslərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək üçün müxtəlif dəstək tədbirləri, sosial təşəbbüs və layihələr həyata keçirilir.
Qeyd edək ki, filialda əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların övladları, valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də aztəminatlı ailələr xidmətlərdən yararlana bilərlər
Qəbul üçün DOST mərkəzləri və ya Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına yaxınlaşaraq, müraciət etmək mümkündür. "142" Çağrı Mərkəzi və rəsmi sosial şəbəkə hesablarından əlavə məlumat almaq olar.


































































