“Regional İnkişaf” İctimai Birliyi təlimlər keçirir
“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Ağcabədi rayonu, Ağcabədi Bayraq Muzeyində İctimai Birliyin region könüllüləri üçün təlimlər keçirilib.
Proqram çərçivəsində ilk təlim “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Bəxtiyar Əliyev tərəfindən “Danışıq ustalığı, nəfəs, səs, söz və təqdimat” mövzusunda keçirilib. Praktiki və nəzəri keçirilən təlimin nəzəri hissəsində iştirakçılara effektiv ünsiyyətin əsas prinsipləri, nitqin düzgün qurulması, səsdən və nəfəsdən düzgün istifadə üsulları, auditoriya qarşısında inamlı çıxış etməyin vacib məqamları, təqdimat bacarıqlarının inkişaf etdirilməsi və bədən dilinin ünsiyyət prosesində rolu barədə ətraflı məlumat verilib. Təlimin praktiki hissəsində isə iştirakçılar müxtəlif təqdimat və çıxış tapşırıqlarını yerinə yetirərək əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq etmək imkanı qazanıblar.
Proqramın növbəti təlimi “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Təbriz Rzayev tərəfindən “Şəxsi brendin qurulması” mövzusunda keçirilib. Təlim zamanı iştirakçılara şəxsi brend anlayışı, fərdi imicin formalaşdırılması, peşəkar nüfuzun yaradılması, sosial media platformalarında düzgün mövqelənmə, effektiv kommunikasiya strategiyaları və şəxsi inkişafın karyera uğuruna təsiri barədə ətraflı məlumat verilib.
Təlimin praktiki hissəsində isə iştirakçılar qrup işləri həyata keçirərək şəxsi brendin formalaşdırılması ilə bağlı müxtəlif tapşırıqları icra edib və mövzu üzrə əldə etdikləri bilikləri praktikada tətbiq ediblər.
Qeyd edək ki, təlimlərin əsas məqsədi region könüllülərinin bilik və bacarıqlarının artırılması, onların şəxsi və peşəkar inkişafının dəstəklənməsi, eləcə də kommunikasiya, təqdimat və liderlik istiqamətlərində praktiki kompetensiyalarının gücləndirilməsi olub.



































































