Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 20-də Bakı şəhəri Xəzər rayonunda yerləşən, xalqımızın zəngin dini-tarixi irsinin önəmli nümunələrindən olan Mərdəkan qəsəbəsindəki "Pir Həsən" ziyarətgah kompleksində və Buzovna qəsəbəsindəki “Cümə” məscidində olub.
Hər iki məkanda keçirilən görüşlərdə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, tarixi-dini ocaqlarımızın qısa müddətdə bərpa olunaraq yenidən istifadəyə verilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizə olan xüsusi ehtiramının növbəti əyani sübutudur. Bildirilib ki, həm “Pir Həsən” ziyarətgah kompleksindəki müqəddəs türbələr, ərazidə dəfn olunmuş dahi şəxsiyyətlərin məzarları, həm də Buzovna “Cümə” məscidi xalqımızın mənəviyyat rəmzləridir və dövlətin diqqəti sayəsində öz tarixi əzəmətinə qovuşublar.
Ramin Məmmədov bu qəbildən olan layihələrin xalqımızın çoxəsrlik mədəni və mənəvi irsinin gələcək nəsillərə bütöv şəkildə ötürülməsi baxımından müstəsna əhəmiyyət daşıdığını deyib. Komitə sədri vurğulayıb ki, tarixi ibadətgahların öz orijinallığı ilə qorunub saxlanılması gənclərdə milli kimliyə bağlılıq, tarixi yaddaş və vətənpərvərlik hisslərinin aşılanmasında xüsusi rol oynayır.
Din xadimləri bu müqəddəs məkanların qorunmasına və əsaslı şəkildə təmir edilərək xalqın ixtiyarına verilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən təmin edilən bu yüksək şəraitin cəmiyyətdə milli-mənəvi birliyin möhkəmləndirilməsi, dini maarifləndirmə istiqamətindəki fəaliyyətlərin daha səmərəli təşkilinə möhkəm zəmin yaratdığını qeyd ediblər.
Qeyd edək ki, görüşlərdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov da iştirak edib.





































































