“İnklüziv səyyar DOST” layihəsinə start verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialının təşəbbüsü ilə “İnklüziv səyyar DOST” layihəsinə start verilib.
Layihə çərçivəsində ilk tədbir İsmayıllı rayonunun Cülyan kəndində İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi, “Regional İnkişaf” İctimai Birliyinin tərəfdaşlığı ilə reallaşdırılıb və kənddəki həssas əhali qrupundan olan vətəndaşlara səyyar xidmət göstərilib.
Tədbir zamanı xüsusi hazırlanmış səyyar avtobusda yaradılan xidmət nöqtəsində vətəndaşlar İsmayıllı “DOST Evi”nin xidmətləri barədə ətraflı məlumatlandırılıb və müraciətləri dinlənilib. Səyyar xidmət zamanı vətəndaşlar üçün psixoloq və sosial işçi tərəfindən ilkin konsultasiyalar aparılıb, filialın təlimçisi isə master-klas təşkil edib.
Tədbirdə, həmçinin İsmayıllı Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri səyyar xidmətlə tanış olaraq fəaliyyət istiqamətləri barədə məlumatlandırılıblar.
Qeyd edək ki, əsas məqsədi həssas əhali qrupları üçün xidmətlərə əlçatanlığı artırmaq, vətəndaş məmnunluğunu yüksəltmək, inklüzivliyi təşviq etmək və daha çox insanın filialın xidmətlərindən faydalanmasına şərait yaratmaq olan “İnklüziv səyyar DOST” layihəsinin növbəti mərhələlərdə rayonun digər kəndlərində də təşkil olunması nəzərdə tutulur.





































































