AzTU-nun Rəqəmsal Transformasiya Şurasının növbəti iclası keçirilib
Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal Transformasiya Şurasının növbəti iclası keçirilib.
İclasda Şura üzvləri ilə yanaşı, AzTU-nun və Mərkəzi Bankın nümayəndələri də iştirak ediblər.
Rəqəmsal Transformasiya Şurasının sədri Telman Axundov ötən dövr ərzində görülən işlər barədə məlumat verib.
AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə rəqəmsal transformasiya istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, AzTU gələn ildən Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında yaradılacaq SABAH.city kampusunda fəaliyyətə başlayacaq.
Qeyd olunub ki, kampusun yaradılmasında əsas məqsəd innovasiya yönümlü akademik mühitin inkişaf etdirilməsi, universitetdə qabaqcıl akademik ekosistemin yaradılması və tələbələrin daim dəyişən əmək bazarına hazırlanması üçün innovativ təhsil modellərinin tətbiqidir.
Toplantıda cari ilin əvvəlində Mərkəzi Bank və Azərbaycan Fintex Assosiasiyası (AzFİNA) tərəfindən AzTU-da yaradılan “FinTex” Laboratoriyasında təşkil olunan təlimləri uğurla başa vuran tələbələrə diplom və hədiyyələr təqdim edilib.
Mərkəzi Bankın baş direktoru Sadiq Axundov və AzFİNA-nın İdarə Heyətinin sədri Edqar Abdullayev “FinTex” Laboratoriyasına dəstəyin davam etdiriləcəyini bildiriblər.
Toplantıda AzTU İnkubasiya Mərkəzində həyata keçirilən proqramlar, universitetdə startap və innovasiya sahəsinin inkişafı, eləcə də universitetin yeni Rəqəmsal Transformasiya Konsepsiyası layihəsi haqqında məlumat verilib.









































































