“YAŞAT” düşərgəsinin beşinci həftəsi başa çatıb - FOTOLAR

Hit: 165
“YAŞAT” düşərgəsinin beşinci həftəsi başa çatıb - FOTOLAR
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin beşinci həftəsi iştirakçılar üçün zəngin və maarifləndirici proqramlarla yadda qalıb.
 
Həftə ərzində şəhid övladları psixoloqlarla qrup terapiyalarında iştirak edib, "ABAD" tərəfindən təşkil olunan ustad dərslərində yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər.
 
Həftənin maraqlı tədbirlərindən biri DJ Fatehin iştirakı ilə keçirilən intellektual yarış olub. Komandalar şəklində təşkil olunan yarış zamanı iştirakçılar müxtəlif mövzular üzrə biliklərini sınayıb, məntiqi düşünmə və operativ qərarvermə bacarıqlarını nümayiş etdiriblər. Yarış interaktiv və əyləncəli formatı ilə uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
 
İştirakçılar, həmçinin televiziya və radio aparıcısı Saleh Bağırovla görüşüblər. Səmimi söhbət zamanı o, televiziya sahəsindəki fəaliyyəti, peşə təcrübəsi və uğur yolundan danışıb, uşaqlarla maraqlı xatirələrini bölüşüb. Görüş sual-cavab formatında davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Düşərgə proqramına daxil olan parkur saatı da iştirakçıların böyük marağına səbəb olub. Uşaqlar parkur məşqçilərinin rəhbərliyi altında müxtəlif fiziki tapşırıqları yerinə yetirib, maneələr zolağını keçərək çeviklik, sürət və koordinasiya bacarıqlarını sınayıblar.
 
Həftənin yaddaqalan anlarından biri də ASAN Radio/TV nin təşkilati dəstəyi ilə Namiq Qaraçuxurlunun konsert proqramı olub. Sevilən müğənni iştirakçılar üçün öz repertuarından mahnılar səsləndirib, onlarla birlikdə ifalar edib və səmimi ünsiyyət qurub. Konsert yüksək əhval-ruhiyyə ilə keçib və uşaqlara unudulmaz anlar yaşadıb.
 
Azərbaycan Qılıncoynatma Federasiyasının dəstəyi ilə qılıncoynatma üzrə ustad dərsi təşkil olunub. İştirakçılar bu idman növünün əsas qaydaları ilə tanış olub, peşəkar məşqçilərin rəhbərliyi altında praktiki məşqlərdə iştirak ediblər.
 
Həftə ərzində düşərgə iştirakçıları Ədalət və Lalənin doğum gününü də birlikdə qeyd ediblər.
 
Bağlanış mərasimində "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov  uşaqlarla görüşərək onların düşərgə ilə bağlı təəssüratlarını dinləyib və onlara uğurlar arzulayıb.
 
Bununla da 12–13 yaşlı 52 şəhid övladının iştirak etdiyi 5-ci "YAŞAT" düşərgəsinin beşinci həftəsi uğurla başa çatıb.
 
Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel
Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC
Dəstəkçilər: “PASHA Sığorta”, “Badamlı”, “Milla”, “Happy Day Cake”
Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV.
1
1
1
1
1
1
1






Redaktorun seçimi