ADNSU müdafiə sənayesi üçün yeni mühəndislər yetişdirir: 23 tələbə məzun oldu
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda “Mühəndis hazırlığı və müdafiə sənayesi ekosisteminin inkişafı proqramı”nın 2025–2026-cı tədris ili üzrə hesabat və məzun günü tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev çıxışında bildirib ki, müasir dövrdə güclü müdafiə sənayesinin əsasını təkcə istehsal imkanları deyil, həm də yüksək intellektual potensiala malik insan kapitalı təşkil edir. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müdafiə sənayesi sürətli inkişaf mərhələsinə qədəm qoyub və bu inkişafın təməlində elm, təhsil və sənaye arasında qurulan səmərəli əməkdaşlıq dayanır.
Tədbirdə bir sıra ali təhsil müəssisələrinin rəhbərləri ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov da iştirak edib.
Tədbir çərçivəsində “Milli tədqiqatların dəstəklənməsi proqramı” üzrə həyata keçirilən “Milli energetik materialların inkişafı proqramı”nın qaliblərinə mükafatlar təqdim olunub. Həmçinin “Mühəndis hazırlığı və müdafiə sənayesi ekosisteminin inkişafı proqramı” çərçivəsində icra olunan “İxtisaslaşmış akademik tədris proqramı”nı və “İstehsalat təcrübəsi proqramı”nı uğurla başa vuran tələbələr sertifikatlarla təltif edilib. Universitet–sənaye əməkdaşlığının inkişafına verdikləri mühüm töhfələrə görə bir sıra ali təhsil müəssisələrinin rəhbərlərinə də təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, ADNSU-nun tədqiqatçıları “Milli energetik materialların inkişafı” proqramı müsabiqəsi çərçivəsində altı ay ərzində apardıqları tədqiqat işlərini yüksək səviyyədə yerinə yetirərək ikinci yerə layiq görülüblər. Eyni zamanda, ADNSU-nun 23 tələbəsi ixtisaslaşmış tədris proqramını uğurla başa vuraraq “Mühəndis hazırlığı və müdafiə sənayesi ekosisteminin inkişafı proqramı”nın məzunu olub.







































































