Kəlbəcər rayonunda innovativ yanaşmaların tətbiqi ilə genişmiqyaslı bərpa-quruculuq işləri
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində, İşğaldan azad olunmuş Kəlbəcər rayonunda innovativ yanaşmaların tətbiqi ilə genişmiqyaslı bərpa-quruculuq işləri, milli-mənəvi kimliyimizin qorunması və tanıdılması mövzusunda tədbir keçirilib.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub,unudulmaz xatirəsini ehtramla yad edilib.Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda Şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu gün Kəlbəcərin yenidən doğuşunu, onun gələcək simasını müzakirə etmək hər birimiz üçün qürurvericidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş doğma torpaqlarımızda, xüsusilə Kəlbəcərdə bu gün geniş miqyaslı bərpa-quruculuq işləri aparılır.
Biz sadəcə şəhər və kəndlərimizi yenidən tikmirik; biz Kəlbəcəri “ağıllı” şəhər və kənd konsepsiyaları, yaşıl enerji zonaları və ən müasir innovativ yanaşmalarla yenidən qururuq. Lakin bu müasirləşmə prosesində bizim ən böyük missiyamız – Kəlbəcərin qədim memarlıq ənənələrini, onun hər bir daşında həkk olunmuş milli-mənəvi kimliyimizi qorumaq və onu gələcək nəsillərə, eləcə də dünya ictimaiyyətinə layiqincə tanıtmaqdır.
Kəlbəcər öz təbii gözəlliyi, qədim tarixi və müasir infrastrukturu ilə regionun ən gözəl guşələrindən birinə çevriləcək. Bu müqəddəs missiyada əməyi keçən hər kəsə təşəkkür edirəm!
Tədbirdə çıxış edən natiqlər - YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, 55 saylı Yol İstismarı İdarəsinin rəisi Firdovsi Qafarov və Kəlbəcər Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin Hüquq məsləhətçisi Bilal Nuruyev rayonda həyata keçirilən irimiqyaslı layihələri vahid kontekstdə dəyərləndiriblər.
Natiqlər öz çıxışlarında vurğulamışlar ki, Kəlbəcərdə icra olunan müasir yol-nəqliyyat infrastrukturu və ağıllı su-meliorasiya sistemləri rayonun ekoloji bütövlüyü qorunmaqla, ən qabaqcıl texnoloji standartları əsasında yenidən qurulur. Qeyd olunmuşdur ki, rayonda aparılan bu innovativ və genişmiqyaslı quruculuq işləri təkcə iqtisadi dirçəlişə deyil, həm də Kəlbəcərin qədim tarixi-mədəni irsinin, milli-mənəvi kimliyinin qorunaraq beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.
Çıxışçılar dövlətimizin bu yüksək diqqət və qayğısı sayəsində Kəlbəcərin tezliklə həm müasir texnologiyaların, həm də milli dəyərlərimizin vəhdət təşkil etdiyi ən gözəl guşələrdən birinə çevriləcəyinə əminliklərini ifadə ediblər.







































































