"Ailələrimizi tanıyaq” layihəsi davam edir

Hit: 161
"Ailələrimizi tanıyaq” layihəsi davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq, müsbət ailə nümunələrini ictimaiyyətə çatdırmaq və ailə dəyərlərinin təbliğinə töhfə verməkdir.
 
Növbəti qonağımız Hacıqabul rayonunun Rəncbər kəndindən olan Salmanovlar ailəsidir.
 
41 ildir birgə ömür sürən Salmanovlar ailəsinin 4 övladı və 7 nəvəsi var. Övladlarının hər biri ali təhsil alaraq müxtəlif sahələrdə çalışır və ölkəmizin inkişafına öz töhfələrini verir. Ailənin başçısı Sübhəli Salmanov uzun illər riyaziyyat müəllimi kimi fəaliyyət göstərib və hazırda təqaüddədir. Həyat yoldaşı Qızqayıt Salmanova isə ömrünü övladlarının təlim-tərbiyəsinə həsr edib.
 
Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik:
 
- Xoşbəxt evliliyin sirri nədədir?
 
S.Salmanov: “Keçmişlə müqayisədə bu gün ailə münasibətlərində ciddi dəyişikliklər müşahidə olunur. Əvvəllər böyüklərin məsləhəti və həyat təcrübəsi ailələrin möhkəmlənməsində əsas rol oynayırdı. Müasir dövrdə isə gənclər daha çox sərbəstliyə üstünlük verirlər və bu təbii haldır. Lakin sərbəstlik təkbaşına möhkəm ailə üçün kifayət etmir, ailənin dayanıqlılığı sevgi, hörmət, sayğı və qarşılıqlı anlaşma kimi dəyərlər üzərində qurulur."
 
Q.Salmanova: “Ailədə qarşılıqlı anlayış, səbir və güzəşt çox vacibdir. Çətinliklərlə birlikdə mübarizə apardıqda ailə daha da möhkəmlənir”.
 
 
“Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?”
 
 
Ailə daxilində fikir ayrılıqları olduqda çalışırıq ki, heç birimiz öz mövqeyimizi qarşı tərəfə məcburi şəkildə qəbul etdirməyək. Hər kəs öz fikrini sərbəst ifadə edir, daha sonra isə ailənin mənafeyinə uyğun, daha məntiqli və səmərəli qərar birgə qəbul olunur. Fikrimizcə sağlam ailə münasibətlərinin əsasında qarşılıqlı dinləmək, hörmətlə yanaşmaq və ortaq məxrəcə gələ bilmək dayanır.
 
 
- Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?
 
Q.Salmanova: “Məncə, hər şey ailədən başlayır. Uşağa kiçik yaşlardan düzgün tərbiyə,Vətən sevgisi, zəhmətsevərlik, böyüyə hörmət, kiçiyə qayğı aşılanmalıdır. Valideyn öz davranışı ilə övladına nümunə olmalıdır. Evdə sevgi, qarşılıqlı hörmət və sağlam ailə mühiti varsa, belə bir mühitdə böyüyən övlad da gələcəkdə Vətəninə, dövlətinə və cəmiyyətinə faydalı insan olur”.
 
- Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?
 
S.Salmanov: “Biz həmişə çalışmışıq ki, övladlarımızla münasibətlərimiz qarşılıqlı hörmət və etimad üzərində qurulsun. Onlara fikirlərini sərbəst ifadə etmək imkanı yaratmış, eyni zamanda məsuliyyət hissini də aşılamışıq. Hesab edirəm ki, valideyn övladına təkcə nəsihət verməklə deyil, öz davranışı ilə də nümunə olmalıdır. Səmimi ünsiyyət və qarşılıqlı anlayış valideyn-övlad münasibətlərinin sağlam inkişafı üçün ən vacib amillərdəndir”.
 
Q.Salmanova: “Valideyn-övlad münasibətləri ailənin ən həssas və ən dəyərli tərəfidir. Mən həmişə çalışmışam ki, övladlarımı sevgi ilə böyüdüm, eyni zamanda onlara düzgün yolu göstərim. Hesab edirəm ki, uşağı təkcə tərbiyə etmək yox, onu dinləmək və fikrinə hörmətlə yanaşmaq da çox vacibdir. Valideyn övladına qayğı göstərdikcə, övlad da ailənin dəyərlərini mənimsəyərək böyüyür”.
 
“Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz?”
 
S.Salmanov: “Hər bir valideyn zaman keçdikcə öz həyatına dönüb baxır və düşünür ki, bəzi məqamlarda fərqli davrana bilərdi. Mən də bu gün baxanda düşünürəm ki, övladlarımla daha çox vaxt keçirmək, onlarla daha çox söhbət etmək olardı. Lakin övladlarımızı vicdanlı, zəhmətsevər və cəmiyyətə faydalı insanlar kimi yetişdirməyə çalışmışıq. Hesab edirəm ki, ən vacib məsələ onlara düzgün tərbiyə və sağlam mənəvi dəyərlər aşılamaqdır. Bu istiqamətdə əlimizdən gələni etdiyimiz üçün rahatlıq hissi keçirirəm”.
 
“Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?”
 
Ailə qurmaq istəyən gənclərə tövsiyəmiz odur ki, ailəyə təkcə sevgi ilə deyil, həm də böyük məsuliyyət hissi ilə yanaşsınlar. Bir-birlərini dinləməyi, hörmət etməyi və güzəştə getməyi bacarsınlar. Unutmasınlar ki, möhkəm ailə bir gündə yaranmır, qarşılıqlı etimad, səbir və anlayış sayəsində illər ərzində formalaşır.
 
“Ailənin qorunması və uzunömürlü olması üçün gənc ailələrə hansı məsləhətləri verərdiniz?”
 
Gənc ailələr ailə həyatını qarşılıqlı hörmət, etimad və anlayış üzərində qurmalıdırlar. Fikir ayrılıqları sakit və düşünülmüş şəkildə həll olunmalı, səbirli olmalı və bir-birinə güzəştə getməyi bacarmalıdırlar. Ailənin uzunömürlü olması gündəlik diqqət, qayğı və qarşılıqlı dəyər verməkdən asılıdır.
 
Hörmətli Salmanovlar ailəsinə səmimi söhbətə və dəyərli fikirlərini bizimlə bölüşdüklərinə görə təşəkkür edir, onlara möhkəm cansağlığı, ailə səadəti və uzun ömür arzulayırıq.






Redaktorun seçimi