Sədaqət Qəhrəmanova İƏT-in Qadınlar üzrə 9-cu Nazirlər Konfransında çıxış edib
Pakistan İslam Respublikasının İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “İƏT ölkələrində qadınların sosial-iqtisadi və siyasi səlahiyyətləndirilməsi: çağırışlar və gələcək fəaliyyət istiqamətləri” mövzusunda Qadınlar üzrə 9-cu Nazirlər Konfransında Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təmsil edib.
Plenar iclasda çıxış edən Komitə rəsmisi qadınların sosial-iqtisadi və siyasi səlahiyyətləndirilməsinin dayanıqlı inkişafın əsas şərtlərindən biri olduğunu vurğulayıb. O, Azərbaycanın gender bərabərliyinin təşviqi, qadın sahibkarlığının dəstəklənməsi, onların rəqəmsal bacarıqlarının və innovasiya sahəsində iştirakının genişləndirilməsi, eyni zamanda STEM sahələrində iştirakının artırılması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. S. Qəhrəmanova ölkəmizin humanitar həmrəyliyə sadiqliyini qeyd edərək, beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini də vurğulayıb .
Yekunda İslamabad Bəyannaməsi, o cümlədən qadınların hüquq və imkanlarının genişləndirilməsi, gender bərabərliyinin təşviqi və İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsinə dair müvafiq qərar və qətnamələr qəbul edilib.
Qeyd edək ki, 12–13 iyul 2026-cı il tarixlərində keçirilən konfransda İƏT-ə üzv dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri, İƏT-in Baş Katibliyi, Qadınların İnkişafı Təşkilatının (WDO), eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Konfrans İƏT üzv dövlətləri arasında qadınların səlahiyyətləndirilməsi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.








































































