“İnklüziv yay düşərgəsi” başa çatıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialı, “Regional İnkişaf” İctimai Birliyi, “AzInTelecom” MMC və “Runaway House”un birgə təşkilatçılığı ilə keçirilən “İnklüziv yay düşərgəsi” başa çatıb. Düşərgənin bağlanış mərasimində İsmayıllı və Şamaxı Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, tərəfdaş qurumların əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Nərgiz Qurbanova, “Runaway House” MMC-nin regional rəhbəri İsmayıl Məmmədov, “AzInTelecom” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Tamella Bulat, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli və İsmayıllı DOST Evinin direktoru Kamran Kamranlı düşərgə çərçivəsində həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirərək, proqramın iştirakçıların inkişafı, sosiallaşması və yeni bacarıqlar qazanması baxımından əhəmiyyətini vurğulayıblar. Çıxışlarda həmçinin müxtəlif qurumların birgə əməkdaşlığı nəticəsində həyata keçirilən belə təşəbbüslərin inklüziv mühitin formalaşdırılmasına və həssas kateqoriyadan olan uşaqların cəmiyyətə daha fəal inteqrasiyasına xidmət etdiyi qeyd olunub.
Bağlanış tədbirində düşərgə iştirakçılarına və düşərgənin təşkilinə göstərdikləri dəstəyə görə “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinə təşəkkürnamələr təqdim olunub.
Tədbir Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin musiqi kollektivlərinin təqdim etdiyi konsert proqramı ilə yekunlaşıb.
Qeyd edək ki, 6-10 iyul tarixlərində təşkil olunan düşərgədə Şamaxı və İsmayıllı rayonlarından olan həssas kateqoriyalara aid uşaq və yeniyetmələr üçün zəngin proqram təşkil olunub. İştirakçılar tərəfdaş qurumların nümayəndələri ilə görüşlərdə iştirak edib, maarifləndirici təlimlərə, yaradıcı və əyləncəli fəaliyyətlərə qoşulub, komanda oyunları və interaktiv məşğələlər vasitəsilə yeni bilik və bacarıqlar əldə ediblər.




































































