Bakı Peşə Hazırlığı Mərkəzi işəgötürənlərlə əməkdaşlığını genişləndirir

Hit: 159
Bakı Peşə Hazırlığı Mərkəzi işəgötürənlərlə əməkdaşlığını genişləndirir
Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzi əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının təmin edilməsi istiqamətində özəl və dövlət müəssisələri ilə əməkdaşlığını davam etdirir.
 
Mərkəz tərəfindən işsiz şəxslər üçün bankçılıq, pərakəndə satış, xidmət, sənaye, enerji və digər sahələri əhatə edən peşə hazırlığı kursları təşkil olunur.
 
Bu istiqamətdə "Rabitəbank" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, “Bir” bankçılıq və ödəniş ekosistemi, "SOCAR Petroleum" QSC, "ABC TELECOM" MMC, "Tam Store" MMC və "Azərbaycan Supermarket" MMC ilə əməkdaşlıq çərçivəsində müxtəlif peşələr üzrə hazırlıq kursları həyata keçirilir. Kurslarda informasiya texnologiyaları üzrə mütəxəssis (proqram təminatçısı və tərtibatçısı), əməliyyatçı-mühasib, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-kassir, çağrı mərkəzi operatoru, yanacaqdoldurma stansiyası operatoru və digər peşələr üzrə təlimlər təşkil olunur.
 
Peşə hazırlığı kurslarının iştirakçıları nəzəri biliklərlə yanaşı, əməkdaşlıq edilən müəssisələrdə istehsalat təcrübəsi keçmək imkanı da əldə edirlər. Bu yanaşma onların praktik bacarıqlarını inkişaf etdirməklə əmək bazarına daha hazırlıqlı daxil olmalarına şərait yaradır.
 
Eyni zamanda, peşə kurslarını uğurla başa vuran müdavimlərin daha sonra işlə təminatına da dəstək göstərilir.






Redaktorun seçimi