Agentlikdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ilə görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Anar İskəndərov və Nümayəndəliyin əməkdaşları ilə görüş keçirilib.
Görüşdə həssas miqrantlar, readmissiya və repatriasiya olunmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, eləcə də readmissiya və repatriasiya sahələrində görülən işlər barədə məlumat verib.
A. İskəndərov sözügedən istiqamətlər üzrə Sosial Xidmətlər Agentliyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Tərəflər arasında bu kateqoriyadan olan şəxslərin ehtiyaclarının qiymətləndirilməsi, onlara göstərilən sosial-psixoloji dəstəyin və reinteqrasiya tədbirlərinin təkmilləşdirilməsi, həmçinin zərərçəkmiş şəxslərlə iş sahəsində institusional potensialın artırılması istiqamətində birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.

































































