Səyyar qəbullarda qaldırılan məsələlərin icrası davam etdirilir
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun kəndlərdə keçirdiyi səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası davam etdirilir.
Rayonun Əsgərabad kəndində keçirilən səyyar qəbulda sakinlərin kəndin giriş hissəsindən başlayan və uzunluğu 2800 metr olan şor kollektorunun lildən təmizlənməsi barədə qaldırdıqları müraciət Mərkəzi Muğan kollektorlar idarəsinin Biləsuvar nümayəndəliyi tərəfindən icra olunmuşdur.
Rayonun Aşağı Cürəli kəndində keçirilən qəbulda sakinlər tərəfindən küçədə yaranmış çökəkliklərin doldurularaq qreyderlənməsi və vətəndaşın yaşayış evinin ətrafındakı boşluğun doldurulması ilə bağlı qaldırılan iki məsələ Aşağı Cürəli kənd icra nümayəndəliyinin və Əsgərabad bələdiyyəsinin köməkliyi ilə həll edilmişdir.
Bundan əlavə Günəşli kəndində qəbristanlığa gedən yolun ətrafında və daxili hissəsində təmizlik və abadlıq işlərinin aparılması ilə bağlı məsələ kənd icra nümayəndəliyinin dəstəyi və sakinlərin yaxından iştirakı ilə həllini tapmışdır.
Qeyd edək ki, rayon rəhbərliyinin kəndlərdə vətəndaşlarla keçirdiyi qəbullar zamanı qaldırılan hər bir məsələ nəzarətə götürülərək araşdırılır və icrası aidiyyəti təşkilatlar tərəfindən təmin edilir.



































































