"Türk Dünyası Həftəsi" çərçivəsində Qarabağ Universitetində konfrans keçirilib

Hit: 166
"Türk Dünyası Həftəsi" çərçivəsində Qarabağ Universitetində konfrans keçirilib
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində iyulun 2-də Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın elmi və mədəni mirası” mövzusunda konfrans keçirilib.
 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Konfransın açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək Birinci Türkoloji Qurultayın türk dünyasının elmi və mədəni həyatında mühüm dönüş nöqtələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, Qurultayın irsi bu gün də türkoloji elmin inkişafına və ortaq elmi-mədəni dəyərlərin öyrənilməsinə töhfə verməkdə davam edir. Rektor qeyd edib ki, Qarabağ Universitetində belə elmi tədbirlərin təşkili universitetin türk dünyası ilə akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm tərkib hissəsidir.
 
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi düşüncəsinin və mədəni həmrəyliyinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. O vurğulayıb ki, bu irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması türk dünyasının ortaq məsuliyyətidir. Nazir müavini belə tədbirlərin tarixi yaddaşın yaşadılması, elmi əməkdaşlığın möhkəmləndirilməsi və mədəni əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
 
Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, dosent Elçin İbrahimovun moderatorluğu ilə davam edən konfransda Ankara Universitetinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölməsinin dosenti Mehmet Rza Heyet, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, tədqiqatçı Azər Turan, Akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi və Rusiya Federasiyası Tatarıstan Elmlər Akademiyasının Tarix İnstitutunun professoru İsmət Zaatov məruzələrlə çıxış ediblər.
 
Məruzələrdə Birinci Türkoloji Qurultayın elmi nəticələri, türkoloji tədqiqatların inkişafına verdiyi töhfələr, eləcə də türk xalqları arasında ortaq dil, tarix və mədəniyyət bağlarının möhkəmləndirilməsində oynadığı rol müxtəlif aspektlərdən təhlil olunub.
 
Konfrans iştirakçıların müzakirələri və xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.






Redaktorun seçimi