Yuxarı Əndəmic kəndində vətəndaşların müraciətləri dinlənilib - FOTOLAR
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin olunması, müraciətlərin operativ şəkildə araşdırılması və həlli məqsədilə 03 iyul 2026-cı il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Yuxarı Əndəmic kəndində səyyar qəbul keçirib. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Qəbul zamanı çıxış edən İcra Hakimiyyətinin başçısı bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində şəhər və kənd yaşayış məntəqələrində yol infrastrukturunun yenilənməsi, su təsərrüfatı sistemlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, tarix və mədəniyyət abidələrinin qorunması və bərpası, sahibkarlığın inkişafı, məşğulluğun artırılması və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Çıxış zamanı qeyd edilib ki, Prezident cənab İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” rayonun içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması, su infrastrukturunun müasir tələblərə uyğun yenilənməsi və mövcud su ehtiyatlarından daha səmərəli istifadə imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun inkişafına yeni imkanlar açacaq, yerli istehsal və emal potensialının artırılmasını stimullaşdıracaq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsinə xidmət edəcək.
Qəbul zamanı sakinlər tərəfindən məşğulluq məsələləri, elektrik təchizatının yenilənməsi, içməli su təminatının yaxşılaşdırılması, qeyri yaşayış sahəsində tikinti işlərinin aparılması və digər məsələlərlə bağlı səsləndirilən müraciət və təkliflər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə yerində araşdırılıb. Qaldırılan məsələlərin bir qisminin həlli istiqamətində operativ tədbirlər görülüb, əlavə araşdırma və həlli müəyyən vaxt tələb edən müraciətlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.






































































