Neftçalada şəhid Camal İsmayılovun 42 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anadan olmasının 42 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl şəhid baş gizir Camal İsmayılovun Neftçala şəhəri ərazisində Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub və ruhuna dualar oxunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin şagirdlərindən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən bəhs edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun göstərdiyi rəşadətdən söhbət açdı, Camal İsmayılov başda olmaqla bütün şəhidlərimizin və qazilərimizin bu qələbədəki misilsiz rolunu qeyd etdi. RİH-nin başçısı şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğının hər zaman diqqət mərkəzində olduğunu, qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsinin və onların vətənpərvərlik irsinin gənc nəslə aşılanmasının ən vacib vəzifələrdən biri olduğunu bildirdi. Eyni zamanda, qeyd olundu ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda vəzifə borclarını şərəflə yerinə yetirərək şəhid olmuş Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, o cümlədən Neftçala rayonundan olan bir sıra şəhidlərimiz ölümündən sonra müxtəlif yüksək orden və medallarla təltif edilmişdir ki, bu da dövlətimizin öz qəhrəman övladlarının xatirəsinə və ruhuna verdiyi ali dəyərin növbəti təzahürüdür.
Tədbirdə çıxış edən şəhidin anası Filarə İsmayılova, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, “Neftçala-Gündoğar” qəzetinin redaktoru Bədirə Niftalıyeva Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qələbəsindən, Azərbaycan əsgərinin nümayiş etdirdiyi yüksək fədakarlıqdan, Vətən Müharibəsində xalq-ordu birliyindən, şəhid Camal İsmayılovun keçdiyi şərəfli döyüş yolundan bəhs edərək, Camal İsmayılovun Vətən Müharibəsi zamanı döyüşlərdə göstərdiyi şücaəti və qəhrəmanlığı haqqında danışıblar.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.
Tədbir Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin hazırladıqları maraqlı kompozisiyalarla davam edib.






































































