Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənddə
Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənd şəhərinə işgüzar səfəri çərçivəsində Özbəkistan Mərkəzi Bankının təşkil etdiyi “Pul siyasəti dialoqu – 2026” forumunda iştirak edib.
“Qlobal dəyişkənlik və rəqəmsallaşma dalğası şəraitində pul siyasəti” mövzusuna həsr olunmuş forum çərçivəsində sektorun rəqəmsal transformasiyası, süni intellekt və maşın öyrənməsinin makroiqtisadi təhlil, inflyasiyanın proqnozlaşdırılması, bank nəzarəti və ödəniş infrastrukturunun inkişafı sahələrində tətbiqi perspektivləri müzakirə olunub. Eyni zamanda, yeni texnologiyaların tətbiqinin güclü əməliyyat dayanıqlılığı, kibertəhlükəsizlik və səmərəli risk idarəetmə mexanizmləri ilə müşayiət edilməsinin vacibliyi vurğulanıb.
Forumda Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin, bir sıra ölkələrin mərkəzi banklarının rəhbər şəxsləri, eləcə də aparıcı beynəlxalq tədqiqat mərkəzləri və universitetlərin nümayəndələri iştirak ediblər.








































































