Otuz üç il əvvəl şəhidlik zirvəsinə ucalan döyüşçü Xaçmazda dəfn olunub
İyulun 1-də Birinci Qarabağ müharibəsi şəhidi Nuriyev Yarməmməd Maqsud oğlunun nəşinin qalıqları Xaçmazda dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1993-cü ildə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 33 il sonra doğma yurdunda torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.
Vida mərasimi keçirildikdən sonra şəhid son mənzilə yola salınıb. Yarməmməd Nuriyev doğulub boya-başa çatdığı Köhnə Xudat kəndində dəfn olunub.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Tabuta bükülmüş Dövlət Bayrağı şəhidin qardaşına təqdim edilib.
Şəhid Nuriyev Yarməmməd Maqsud oğlu 1961-ci il dekabrın 29-da Xaçmaz rayonunun Köhnə Xudat kəndində dünyaya göz açıb. Neft daşlarında işləyən Yarməmməd 1993-cü ilin yayında cəbhəyə yollanıb. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonu istiqamətində qəhrəmanlıqla döyüşüb. 1993-cü ilin dekabr ayında şiddətli döyüşlər zamanı itkin düşüb. Yarməmmədin şəhid olduğu müəyyənləşsə də, dəfn edildiyi yer barədə məlumat yox idi.
Aparılan araşdırmalardan sonra Yarməmməd Nuriyevin İmişlidə naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.




































































