Qarabağ Universitetində ilk dəfə tədris olunacaq Biznesin İdarə Edilməsi ixtisası Exeter Universiteti ilə birgə hazırlanıb
Qarabağ Universitetində bu ildən etibarən ilk dəfə tələbə qəbulu həyata keçiriləcək Biznesin İdarə Edilməsi ixtisası Böyük Britaniyanın Exeter Universitetinin alimləri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Bu əməkdaşlıq çərçivəsində Exeter Universitetinin alimləri Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin akademik heyəti ilə birgə çalışaraq beynəlxalq standartlara uyğun müasir proqramın hazırlanmasında iştirak ediblər.
Proqramın yekunlaşdırılması məqsədilə Exeter Universitetinin nümayəndələri Qarabağ Universitetinə səfər edərək fakültənin akademik heyəti ilə birgə iş sessiyaları və müzakirələr aparıblar.
İlk dəfə tədris olunacaq proqram biznes idarəçiliyi sahəsində fundamental biliklərlə yanaşı, data analitikası, süni intellekt və rəqəmsal transformasiya kimi müasir istiqamətləri də əhatə edir.
Bu əməkdaşlıq Qarabağ Universitetinin beynəlxalq tərəfdaşlıqlarını genişləndirmək, tədrisin keyfiyyətini daha da yüksəltmək və tələbələrə qlobal standartlara uyğun təhsil təqdim etmək istiqamətində atdığı mühüm addımlardan biridir.




































































