Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Məzun Günü” keçirilib
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov, Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov, tələbələr və validenlər iştirak ediblər.
“Məzun günü” şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra cənab Prezident İlham Əliyevin 2026-cı ilin fevral ayında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışını etməsilə bağlı hazırlanan videoçarx nümayiş olunub.
Bildirilib ki, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzindən 2026-cı ildə 27 ixtisas üzrə 492 nəfər məzun olur ki, bunlardan 287 nəfəri, 58 % məzun qadınlardır və qadınların peşə təhsilinə cəlb edilməsi əmək bazarında bərabərliyi təmin etmək, qadınların iqtisadi müstəqilliyini artırmaq və rəqabətqabiliyyətli kadr bazası formalaşdırmaq üçün strateji əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov müasir dövrdə ölkələrin inkişafının yalnız təbii sərvətlərlə deyil, savadlı, peşəkar və bacarıqlı insan kapitalı ilə müəyyən olunduğunu, bu baxımdan peşə təhsilinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Cari ilin fevral ayında Prezident cənab İlham Əliyev tərəfindən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışının edildiyini deyən icra başçısı cənab Prezidentin bu mərkəzin təkcə Lənkəran üçün deyil, bütün ölkə üzrə peşə təhsili sahəsində nümunə olacağı barədə səsləndirdiyi fikrini xatırladıb və bunun dövlətimizin peşə təhsilinə və gənclərin gələcəyinə göstərdiyi xüsusi diqqətin ən parlaq göstəricilərindən biri olduğunu qeyd edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov çıxışında son illərdə ölkəmizdə peşə təhsilinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini, bu sahədə həyata keçirilən islahatları, yeni təhsil müəssisələrinin yaradılmasını və müasir infrastrukturun qurulmasını dövlətimizin gənclərin gələcəyinə verdiyi önəmin bariz nümunəsi olaraq səciyyələndirib.
"Məzun günü"ndə Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev də çıxış ediblər. Bildirilib ki, dövlətin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində gənclərin keyfiyyətli təhsil alması, peşə bacarıqlarına yiyələnməsi, müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi yetişməsi üçün geniş imkanlar yaradılıb. Gənclərin intellektual inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, sosial fəallığının artırılması və dövlət quruculuğunda iştirakına xüsusi diqqət göstərilir.
Daha sonra şəhid Röyal İbrahimovun atası Qulam İbrahimov, şəhid Vüsal Kazımlının atası Kamran Kazımov və şəhid Elşad Zeynallının bacısı Elnarə Zeynallı çıxış ediblər. Şəhid ailələrinin üzvləri hər zaman dövlətin qayğısını hiss etdiklərini, cəmiyyətdə onlara xüsusi hörmət və ehtiram olunduğunu bildiriblər, bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.




































































