İlqar Abbasov şəhidlərin ailə üzvləri ilə görüşüb
Şirvan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında" 25 iyun 2026-cı il tarixli Sərəncamı ilə şəhidlərin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə əlaqədar şəhid ailələri ilə görüş keçirilib.
Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, şəhid valideynləri, ailə üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncamın Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə göstərilən yüksək dövlət ehtiramının növbəti təzahürü olduğunu bildirib. Şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd edərək, onların qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb.
İlqar Abbasov ordenlə təltif olunmuş şəhidlərin valideynlərini və ailə üzvlərini təbrik edib, dövlət tərəfindən şəhid ailələrinə hər zaman xüsusi diqqət və qayğının göstərildiyini bildirib. Vurğulayıb ki, şəhidlərin müqəddəs xatirəsinin əbədiləşdirilməsi, qəhrəmanlıq irsinin yaşadılması və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Sonra çıxış edən DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, Şirvan şəhər prokurorunun müavini Zaur Qasımov, Şirvan Şəhər Polis Şöbəsinin rəis müavini Rəşadət Qəhrəmanov və şəhid ailələrinin üzvləri dövlət təltifi münasibətilə şəhid valideynlərini və ailə üzvlərini təbrik edərək, şəhidlərin qəhrəmanlığının hər zaman böyük ehtiramla anılacağını vurğulayıblar.
Görüş zamanı şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrinin müraciət və təkliflərini dinləyib, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək, övladlarının qəhrəmanlığının dövlət tərəfindən yüksək qiymətləndirilməsini böyük qürur hissi ilə qarşıladıqlarını qeyd ediblər.







































































