Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Qazaxıstanda rəsmi səfərdə olub

Hit: 171
Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Qazaxıstanda rəsmi səfərdə olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında rəsmi səfərdə olub.
 
 
Səfər Dövlət Məşğulluq Agentliyi ilə Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Resurslarının İnkişafı Mərkəzi (ENBEK) arasında imzalanmış 2025–2026-cı illər üzrə Fəaliyyət Planının icrası çərçivəsində həyata keçirilib.
 
 
Səfərin əsas məqsədi işçi qüvvəsinə tələbatın proqnozlaşdırılması, yerli işçi qüvvəsinin xaricə yönləndirilməsi və peşə hazırlığı sahələrində təcrübə mübadiləsinin aparılması olub.
 
 
Görüşlər zamanı Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə həyata keçirilən aktiv məşğulluq tədbirləri, işçi qüvvəsinin xaricə yönləndirilməsi və peşə hazırlığı istiqamətləri üzrə təqdimatlar edilib, funksional fəaliyyətlər barədə ətraflı məlumat verilib.
 
 
ENBEK tərəfindən isə əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış peşəyönümü, kvalifikasiyaların tanınması və sertifikatlaşdırılması, eləcə də yerli işçi qüvvəsinin xaricdə və xarici işçi qüvvəsinin Qazaxıstanda əmək fəaliyyətinin təşkili üçün nəzərdə tutulmuş rəqəmsal platformalar təqdim olunub. Həmçinin işçi qüvvəsinə tələbatın proqnozlaşdırılması üzrə tətbiq edilən metodologiyalar və istifadə olunan alətlər barədə məlumat verilib.
 
 
Səfər çərçivəsində nümayəndə heyəti ENBEK-in tərəfdaşı olan “JOLTAP” mərkəzini ziyarət edib, “Astana Polytechnic” Ali Kollecində olub, peşə standartları əsasında təhsil proqramlarının hazırlanması prosesi və tədris yanaşmaları ilə tanış olub.






Redaktorun seçimi