“İrəvanda Azərbaycan təhsil tarixi” monoqrafiyasının təqdimatı keçirilib

Hit: 274
“İrəvanda Azərbaycan təhsil tarixi” monoqrafiyasının təqdimatı keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Qərbi Azərbaycan İcmasının Gəncə nümayəndəliyi ilə birgə İcmanın Nəzarət-Təftiş Komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “İrəvanda Azərbaycan təhsil tarixi” adlı monoqrafiyasının təqdimatı keçirilib.
 
Tədbiri giriş sözü ilə açan ADAU-nun rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi Zəfər Qurbanov qonaqları salamlayaraq bildirib ki, Qərbi Azərbaycanın tarixi-mədəni irsinin araşdırılması və gələcək nəsillərə çatdırılması dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyır. İrəvanda formalaşan təhsil mühiti Azərbaycan xalqının elmə, maarifə və milli dəyərlərə bağlılığının bariz nümunəsidir. Rektor qeyd edib ki, bu kimi elmi nəşrlər təkcə keçmişin öyrənilməsinə deyil, həm də milli yaddaşın qorunmasına, Azərbaycan tarixinin və mədəniyyətinin beynəlxalq informasiya məkanında təbliğinə mühüm töhfə verir.
 
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxışında təqdim olunan kitabın Qərbi Azərbaycanın təhsil tarixinin öyrənilməsi istiqamətində mühüm elmi mənbələrdən biri olduğunu qeyd edib. O bildirib ki, Qərbi Azərbaycanla bağlı tarixi faktların sistemli şəkildə araşdırılması və təbliği qayıdış konsepsiyasının elmi əsaslarla dəstəklənməsinə xidmət edir.
 
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Pərvin Kərimzadə, Məlahət İbrahimqızı, Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri, “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Mürvət Həsənli kitabın elmi əhəmiyyətindən bəhs edərək, Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların tarixi yaddaşın yaşadılması və milli irsin təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Çıxışlarda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin Qərbi Azərbaycana qayıdış konsepsiyasının uğurla reallaşmasına mühüm zəmin yaratdığı vurğulanıb.
 
Daha sonra müəllif Cəlal Allahverdiyev bildirib ki, kitabın əsas məqsədi İrəvanda Azərbaycan təhsil mühitinin tarixini elmi faktlar əsasında araşdırmaq, həmin ərazilərdə xalqımızın maarifçilik ənənələrini və təhsil ocaqlarının fəaliyyətini geniş oxucu auditoriyasına çatdırmaqdır.
 
Sonda ADAU-nun İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov və həmin kafedranın dosenti Əbdürəhman Kazımov kitabın Qərbi Azərbaycanla bağlı tədqiqatlara mühüm töhfə verdiyini bildiriblər. Onlar Azərbaycan dövlətinin güclü siyasi iradəsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Qərbi Azərbaycana qayıdış hədəfinin reallaşacağına əminliklərini ifadə edib, yaxın gələcəkdə bu cür kitab təqdimatlarının və elmi tədbirlərin doğma Qərbi Azərbaycan torpaqlarında keçirilməsini arzuladıqlarını qeyd ediblər.
 
Sonda qonaqlar Dövlət Aqrar Universitetinin müasir laboratoriyaları, elmi-tədqiqat mərkəzləri və innovativ infrastruktur obyektləri ilə yaxından tanış olublar.






Redaktorun seçimi