"Sağlam məhəllə” layihəsi çərçivəsində inşa olunmuş idman zonası istifadəyə verilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində Cəlilabad rayonunda idman zonası istifadəyə verilib.
Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və idmançılar iştirak ediblər.
Cəlilabad şəhəri də daxil olmaqla, müxtəlif bölgələrdə qurulan bu idman zonaları yerli sakinlərin açıq havada idmanla məşğul olmasına şərait yaradır. Ərazidə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb.
Yeni istifadəyə verilən idman kompleksi rayon sakinlərinin, xüsusilə də yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələrinə geniş imkanlar yaradacaq. Müasir standartlara cavab verən bu layihə regionlarda idmanın kütləviliyinin artırılmasına və sağlam həyat tərzinin təbliğinə xidmət edir.
Nazir Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edərək xatirə şəkli çəkdirib.
Məhəllə sakinləri və idmançılar yaradılan şəraitə, yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


































































