Bu gün Aşura günüdür
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, bu il Məhərrəm ayının onuncu - Aşura günü iyulun 25-nə təsadüf edir.
Aşura günü ilə əlaqədar respublika ərazisində qanvermə aksiyaları təşkil olunur.
Qanvermə aksiyaları Aşura mərasiminin dərin mənəvi və humanist ruhunu əks etdirərək, insanlar arasında həmrəyliyin aşılanması, yardımlaşmanın önəmini təşviq etmək məqsədi daşıyır.
Aksiyalar zamanı toplanan qan hemofiliya və talassemiyadan, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Aşura günündə İmam Hüseynin (ə) ziyarətnaməsini, “Aşura ziyarətnaməsi”ni oxumağın böyük savabı var. Həmin gün çoxlu dua, tövbə və istiğfar etmək tövsiyə olunub. Bu dua və ibadətlər müstəhəb, yəni bəyənilən əməllərdir.
Aşura günündə məscidlərdə, ziyarətgahlarda qurulan təziyə məclislərində iştirak etməyin savabı daha böyükdür. Bir şərtlə ki, həmin yerlərdə qurulan məclislər mövhumatdan və xurafatdan uzaq şəkildə, əsl İmam Hüseynə (ə) və Aşura şəhidlərinə layiq formada keçirilsin. Aşura gününün qeyd edilməsindən əsas məqsəd insanları ağlatmaq deyil, haqqa bağlılığın və məzlumlarla həmrəyliyin bir növüdür, zülmə qarşı etiraz formasıdır.


































































