Lerikdə Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Lerik şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbiri giriş nitqi ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, ölkəmizdə dövlət quruculuğu sahəsində həyata keçirilən islahatların Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına əsaslandığını bildirib. Qeyd olunub ki, bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, dövlət idarəçiliyi sisteminin və dövlət qulluğunun daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Bildirilib ki, dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi dövlət qulluqçularına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək 23 iyun – Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş məruzəni iştirakçıların diqqətinə çatdırıb
Tədbirin sonunda dövlət qulluğunda fərqlənən bir qrup əməkdaşa Lerik Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və Təşəkkürnamələri təqdim edilib.





































































