“Uşaqlar və hüquq” kitabı Prezident Kitabxanasına tədim edilib
23 iyun 2026-cı il tarixində Prezident Kitabxanasında uşaqların hüquqi maarifləndirilməsinə həsr olunmuş “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimi keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış nəşrin əsas məqsədi uşaqları hüquq və vəzifələri barədə məlumatlandırmaq, hüquqların təmin olunmasında ailənin, məktəbin və dövlətin üzərinə düşən öhdəliklərlə onları tanış etmək, hüquqlarından daha səmərəli istifadə etməyə və vəzifələrinə məsuliyyətlə yanaşmağa sövq etməkdir.
Açılış nitqi ilə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, tədbirin Dövlət Qulluqçularının Peşə Bayramı gününə təsadüf etdiyini xatırladıb, təqdim olunan kitabı dövlətə xidmətin ən gözəl nümunələrindən biri kimi dəyərləndirib. O, Azərbaycanda uşaq hüquqlarının müdafiəsinin prioritet istiqamətlərdən olduğunu, uşaqlara göstərilən diqqətin inklüziv cəmiyyətin formalaşmasına mühüm töhfə verdiyini bildirib. A.Abbasova təqdim edilən nəşrin Prezident Kitabxanasında ilk uşaq kitabı olduğunu qeyd edərək, gələcəkdə bu istiqamətdə nəşrlərin sayının artacağına inamını ifadə edib.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, uşaqların öz hüquq və vəzifələrini erkən yaşlardan bilməsinin onların milli şüurunun, həmçinin vətəndaş mövqeyinin formalaşmasında mühüm rol oynadığını bildirib. O yeni “Uşaq hüquqları haqqında” Qanunun qəbulunun uşaqların hüquqlarının qorunması, hərtərəfli inkişafının təmin olunmasına yönəldiyini, uşaqların öz hüquqları ilə bağlı anlayışların onların düşüncəsində formalaşmasının vacibliyini qeyd edib. Sədr kitabın daha əvvəl təhlillə birlikdə təqdim olunduğunu, indi isə Prezident Kitabxanasının fonduna daxil edilməsinin uşaqların bu məkanda təmsil olunması baxımından xüsusi əhəmiyyət daşıdığını deyib, kitabın elektron versiyasının da kitabxanaya təqdim ediləcəyini diqqətə çatdırıb.
Daha sonra kitabla bağlı videoçarx nümayiş etdirilib.
Təqdimatla çıxış edən kitabın müəllifi, Vəkillər Kollegiyasının üzvü Abil Bayramov, nəşrin hazırlanması prosesi barədə məlumat verib. O bildirib ki, kitab tərtib edilərkən uşaqların yaş xüsusiyyətləri, maraqları və anlama səviyyələri nəzərə alınıb. A.Bayramov, ədalət, empatiya və bərabərlik kimi bir çox dəyərlərin aşılandığı vəsaitdə, tənqidi düşüncə və analiz qabiliyyətini inkişaf etdirən dərslərin də təqdim edildiyini deyib.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, kitabla zənginləşən, elmə əsaslanan düzgün tərbiyə uşaqların gələcəkdə daha uğurlu olmasına, ümumilikdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Muxtar Nağıyev çıxışında gənc nəslin hüquqi maarifləndirilməsinin dövlət siyasətinin vacib istiqamətlərindən biri olduğunu qeyd edib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva uşaqların hüquqi maarifləndirilməsi istiqamətində hazırlanmış nəşrin vətəndaş cəmiyyətinin inkişafına da töhfə verdiyini diqqətə çatdırıb. O, rəqəmsal dövrün tələblərinə uyğun olaraq uşaqlara nəzarət mexanizmlərinin formalaşdırılmasının vacibliyinidən danışıb, bu sahədə, eləcə də regionlarda yaşayan uşaqların hüquqları ilə bağlı maarifləndirlməsi məqsədilə qrant layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.
Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu, nəşri Azərbaycan kitab mədəniyyətində bir ilk adlandırıb. O, kitabın geniş oxucu auditoriyası üçün faydalı olacağını, xüsusilə uşaqların hüquqi biliklərinin artırılmasına və hüquq mədəniyyətinin formalaşmasına dəstək olacağını bildirib.
Dövlət Komitəsi yanında İctimai şuranın üzvü Məryəm Məcidova, uşaqların, eləcə də valideynlərin hüquqi biliklərinin artırılmasının əhəmiyyətindən danışaraq, nəşrin bu istiqamətdə mühüm maarifləndirici resurs olduğunu, ucqar kəndlərdə təşviqinin önəmini qeyd edib.
Müzakirələr zamanı kitabın işarə dilində hazırlanması təklif edilib. Çıxış edənlər kitabın uşaqların hüquq və vəzifələri haqqında biliklərinin artırılmasına, onların hüquqlarını daha yaxşı tanımasına, məsuliyyət hissinin güclənməsinə və cəmiyyət həyatında fəal iştirakına xidmət edəcəyini qeyd ediblər.





































































