Gəncədə 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub
23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Aparatın kollektivi Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Niyazi Bayramov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində peşəkarlıq, məsuliyyət və vətəndaş məmnunluğunu daim əsas tutmağı tövsiyə edib. Şəhər rəhbəri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə şəhərinə göstərdikləri yüksək diqqət və qayğıdan bəhs edib. Bildirib ki, məhz bu diqqət və qayğının nəticəsində şəhərdə bir sıra mühüm layihələr həyata keçirilib, genişmiqyaslı abadlıq və quruculuq işləri uğurla davam etdirilir.
Niyazi Bayramov, həmçinin vurğulayıb ki, ölkə rəhbərliyinin də qeyd etdiyi kimi, dövlət qulluğunda olmaq imtiyaz deyil, böyük məsuliyyət və insanlara xidmət etmək imkanını ifadə edir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev dövlət qulluqçuları adından göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən dövlət qulluqçuları da onlara göstərilən etimadı doğruldacaqlarını bildirərək, peşə bayramı münasibətilə təbriklərini çatdırıblar.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilib.






































































