Ucar rayonunda 350-yə yaxın işçi əmək hüquqları və əməyin mühafizəsi mövzusunda maarifləndirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Ucar rayonunda 3 maarifləndirmə tədbiri təşkil olunub.
Xidmətin Mərkəzi Aran regional şöbəsi, Əməyin Mühafizəsi Mərkəzi, Mərkəzi Aran Regional Məşğulluq filialının Ucar rayon xidmət şöbəsi və Ucar Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlərdə rayonda fəaliyyət göstərən 55 işəgötürən üzrə ümumilikdə 345 işçi iştirak edib.
Tədbirlər zamanı iştirakçılara Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, əmək müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi, məzuniyyət hüququnun təmin olunması, əmək müqaviləsinə xitam verilməsinin əsasları və prosedurları barədə ətraflı məlumat təqdim edilib.
Eyni zamanda iş yerlərində əməyin mühafizəsi, əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyası, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, eləcə də əməyin mühafizəsi sahəsində tətbiq olunan standartlar barədə maarifləndirmə aparılıb.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib.





































































