Regionlarda ekoloji maarifləndirici görüşlər keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən azyaşlı uşaqlar üçün maarifləndirici görüşlər təşkil olunub.
Sumqayıt şəhərinin 26 və 50 nömrəli, Şəmkir rayonu Düyərli kənd uşaq bağçalarında keçirilən görüşlər zamanı təbiəti sevməyin və qorumağın vacibliyi uşaqların diqqətinə çatdırılıb. Onlara ağacların və heyvanların təbiətdəki rolu haqqında məlumat verilib, ətrafı təmiz saxlamağın əhəmiyyəti izah olunub.
Həmçinin uşaqlarla suya və enerjiyə qənaət etmək, tullantıları yerə atmamaq, ağac və bitkilərə qayğı ilə yanaşmaq kimi mövzularda söhbətlər aparılıb, eyni zamanda praktiki məşğələlər keçirlib və ağaclara ilkin qulluq qaydaları nümayiş etdirilib.
Görüşün məqsədi uşaqlarda erkən yaşlardan təbiətə sevgi aşılamaq, ətraf mühitə qarşı məsuliyyətli davranış vərdişlərini formalaşdırmaq və ekoloji şüurun inkişafına töhfə verməkdir.






































































