Bakı İƏT-in antikorrupsiya gündəminin mərkəzində: hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb
Xəbər verildiyi kimi, iyunun 17-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeay arasında keçirilən görüşdə 27–28 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə hazırlıq məsələləri müzakirə edilib, tədbirin təşkilati və məzmun baxımından yüksək səviyyədə keçirilməsi istiqamətində görülən və qarşıda duran vəzifələr nəzərdən keçirilib.
Bunun davamı olaraq, iyunun 19-da Baş prokurorun müavini, tədbirin Təşkilat Komitəsinin sədri Heydər Məmmədovun rəhbərlik etdiyi komitə üzvləri ilə İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeayin rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib və qeyd olunan tədbirin təşkilinə dair əməkdaşlıq rəsmiləşdirilib.
Yousef Aldobeay qarşıdan gələn yüksək səviyyəli görüşün Azərbaycanın təşkilati potensialı və təcrübəsi sayəsində uğurla keçiriləcəyinə əminliyini ifadə edib, tədbirin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb. O, həmçinin tədbirdə 300-dən çox xarici qonağın iştirakının gözlənildiyini diqqətə çatdırıb.
Müzakirələrin yekununda Heydər Məmmədov və Yousef Aldobeayi cari ilin 27–28 oktyabr tarixlərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünə hazırlıq tədbirlərinə dair əməkdaşlıq sənədini imzalayıb.
Sonda xatirə fotosu çəkilib.







































































