Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Hit: 282
Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Mikayıllı, Dalğa, Sarıqamış, Qızqayıtlı kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Səyyar qəbul zamanı Sarqamış kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
 
Çıxış edən natiqlər “Azərbaycanda insan hüquqlarının qorunması dövlətimizin ali məqsədidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, Konstitusiya ilə təsbit edilən ali məqsəddir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının, azadlıqlarının, habelə vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyən olunub. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində insan hüquqlarının müdafiəsi, qanunun aliliyinin təmin edilməsi, bərabərlik prinsipinin qorunması və fundamental azadlıqların genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunan, onların müdafiəsi bütün dövlət orqanlarının əsas vəzifələrindən biri kimi müəyyən edilib.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan hüquqi dövlət quruculuğu siyasəti ölkəmizdə insan hüquqlarının etibarlı müdafiəsi üçün möhkəm zəmin yaradıb. Ulu Öndər Heydər Əliyev insan hüquqlarının qorunmasını demokratik cəmiyyətin əsas prinsiplərindən biri kimi qiymətləndirərək bu sahədə mühüm qanunvericilik və institusional islahatların həyata keçirilməsinə nail olub. Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan beynəlxalq insan hüquqları konvensiyalarına qoşulub, vətəndaş hüquq və azadlıqlarının təminatı istiqamətində ardıcıl addımlar atıb. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının müdafiəsi, qanunun aliliyinin təmin edilməsi, vətəndaş cəmiyyətinin inkişafı, sosial rifahın yüksəldilməsi və inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
 
RİH-in başçısı bildirib ki, Dövlət başçısının təşəbbüsü ilə qəbul edilən sosial proqramlar, əhalinin həssas təbəqələrinin müdafiəsinə yönələn layihələr, şəffaf və əlçatan dövlət xidmətlərinin genişləndirilməsi insan hüquqlarının praktiki təminatına mühüm töhfə verir. Xüsusilə müasir idarəetmə mexanizmlərinin tətbiqi, elektron xidmətlərin inkişafı və vətəndaş məmnunluğunun artırılması dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsi yaradıb.
 
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.
 
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kanalların lildən təmizlənməsi, sosial yardım, əkin və örüş torpağı təminatı, elektrik təsərrüfatının yenilənməsi, işsizlik, interent şəbəkəsinin yenilənməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.
1
1
1
1
1
1
1
1






Redaktorun seçimi