Süni intellekt hüquqi dövlət prinsipləri kontekstində qiymətləndirilməlidir
Müasir dövrdə rəqəmsal texnologiyaların və süni intellekt sistemlərinin sürətli inkişafı ictimai münasibətlərin mahiyyətinə əhəmiyyətli təsir göstərməkdədir. Süni intellekt artıq yalnız texnoloji yenilik deyil, dövlət idarəçiliyinin, iqtisadi münasibətlərin, informasiya təhlükəsizliyinin, məhkəmə fəaliyyətinin və insan hüquqlarının həyata keçirilməsi mexanizmlərinin ayrılmaz elementinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı deyib.
F.Abdullayevin sözlərinə görə, həmin proses bir tərəfdən, dövlət xidmətlərinin səmərəliliyinin artırılması, məlumatların operativ emalı, vətəndaşların hüquqi müdafiə imkanlarının genişləndirilməsi və ictimai idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm imkanlar yaradır. Digər tərəfdən isə şəxsi məlumatların qorunması, hüquqi məsuliyyətin müəyyən edilməsi, alqoritmik diskriminasiya, rəqəmsal nəzarət və fundamental hüquqların müdafiəsi ilə bağlı yeni hüquqi çağırışları meydana çıxarır. Məhz bu səbəbdən süni intellektin inkişafı və tətbiqi məsələsi hüquqi dövlət prinsipləri, konstitusion təminatlar və beynəlxalq insan hüquqları standartları kontekstində qiymətləndirilməlidir.
Qeyd olunub, həmin yanaşma Azərbaycan Respublikası konstitusion hüquq sistemində də öz əksini tapıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan hüquqi dövlət prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi təsbit edilib.





































































