Baş prokuror İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb

Hit: 155
Baş prokuror İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüşüb
İyunun 17-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Qonaqları salamlayan Baş prokuror bildirib ki, müstəqil Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, islam ölkələri arasında elm, mədəniyyət, sosial, iqtisadi və digər müxtəlif sahələrdə əməkdaşlığın dəstəklənməsi missiyası daşıyan İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə hər zaman mühüm töhfələr verib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursunda İslam dünyası ilə əməkdaşlığın inkişafı xüsusi yer tutur.
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva islam ölkələri ərazilərindəki mədəni və tarixi dəyərlərin müdafiəsinə böyük töhfə verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) müxtəlif tədbirlərində aktiv iştirak edib.
 
Bundan başqa, Baş prokuror 27-28 oktyabr 2026-cı il tarixlərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin Bakı şəhərində keçiriləcək üçüncü yüksək səviyyəli görüşə hazırlıq işləri barədə məlumat verib.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Yousef Aldobeay səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanın salamını çatdırıb.
 
Bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında aktivliyi ilə fərqlənir, müsəlman ölkələrinin birliyinə, islam həmrəyliyinə mühüm töhfələr verir.
Baş katibin müavini vurğulayıb ki, Azərbaycan təşkilatın üzvləri sırasında ən fəal, təşəbbüskar və nüfuzlu dövlətlərdən biri kimi tanınır. Ölkəmizin İƏT çərçivəsində irəli sürdüyü təşəbbüslər, təşkilatın məqsəd və prinsiplərinin təşviqi istiqamətində gördüyü işlər üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir.






Redaktorun seçimi