Dövlət Miqrasiya Xidməti “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər keçirib

Hit: 154
Dövlət Miqrasiya Xidməti “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman)  “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquq və azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları barədə məlumatlılığının artırılması, insan hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlara dəstək məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən də silsilə tədbirlər təşkil olunub.
 
Bu istiqamətdə Naxçıvan regional miqrasiya baş idarəsi və Gəncə, Şirvan, Şəki, Xaçmaz, Lənkəran, Yevlax, Ağsu regional miqrasiya idarələri tərəfindən maarifləndirmə tədbirləri keçirilib.
 
Tədbirlərdə Ombudsman aparatının regionlar üzrə, eyni zamanda rayon icra hakimiyyətlərinin ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, hüquq mühafizə orqanları əməkdaşları, sahibkarlar, işəgötürənlər, təhsil işçiləri, tələbələr, ictimaiyyət nümayəndələri, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.
 
Tədbirlər “Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”, “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu və əsas insan hüquqlarının təmin edilməsi”, “Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlara, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər”, “Miqrasiya proseslərinin tənzimlənməsində insan hüquqlarının təminatı” mövzularına həsr olunub.
 
Maarifləndirmə tədbirlərində Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, miqrantların həyat və fəaliyyəti üçün yaradılan şərait, elektron xidmətlər, miqrasiya prosesləri, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumatlar verilib.
 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.






Redaktorun seçimi