Natiq Ağayev təsərrüfatlara baxış keçirib
Aqrar sahədə məhsuldarlığın daha da artırılması, idxaldan asılılığın azaldılması və ixrac potensialının gücləndirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib. Proqramın əsas məqsədi kənd təsərrüfatının inkişafına təkan vermək, dövlət və özəl investisiyaların daha səmərəli şəkildə cəlb edilməsinə şərait yaratmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək və aqrar istehsalda dayanıqlı artımı təmin etməkdir.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev arpa biçini prosesində iştirak edib, məhsul yığımının gedişi ilə maraqlanıb. Rayon rəhbəri biçin aparılan sahəyə baxış keçirib, biçin prosesinin gedişini yerində izləyib, təsərrüfat nümayəndələri ilə söhbət edib. Müzakirələr zamanı məhsuldarlığın artırılması, yerli şəraitə uyğun toxum sortlarından istifadə, aqrotexniki tədbirlərin vaxtında yerinə yetirilməsi, müasir suvarma texnologiyalarının tətbiqi və torpaqların münbitliyinin qorunması məsələlərinə toxunulub. Fermerlər təsərrüfatda görülən işlər, biçin prosesinin təşkili və qarşıdakı dövrdə məhsuldarlığın artırılması ilə bağlı planları barədə məlumat veriblər. Görüşdə fermerlərin təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev meyvə bağına baxış keçirib. Qeyd edək ki, Balakən rayonunda intensiv bağların sahəsi ildən-ilə genişlənir. Bağların salınmasına maraq böyükdür. İntensiv bağların salınmasına dövlət dəstəyi mexanizminin genişlənməsi rayonda intensiv bağların sahəsinin artmasına, həmçinin fermerlərin gəlirlərinin çoxalmasına müsbət təsir göstərir. İcra başçısı məhsulun emalı və qablaşdırılması prosesi ilə tanış olub. Məhsul yığımı prosesini dəyərləndirib, satış prosesinin təşkili ilə maraqlanıb, fermerlərin təkliflərini dinləyib.
Bu gün qlobal iqtisadi çağırışların artdığı bir dövrdə kənd təsərrüfatının inkişafının sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində respublikamızda, o cümlədən Balakən rayonunda kənd təsərrüfatında məhsuldarlıq daha da artacaq, ixrac imkanları genişlənəcək, ərzaq təhlükəsizliyi daha da güclənəcək. Bütün bunlar göstərir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aqrar sektor müasir çağırışlara uyğun şəkildə yenilənir və inkişaf edir. Dövlətin ardıcıl dəstəyi nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri kimi daha da inkişaf edəcək, regionların inkişafına və əhalinin sosial rifahının yüksəlməsinə mühüm töhfələr verəcəkdir.

































































